Futzal: “Araz - Naxçıvan” çempiondur
Azərbaycan futzalında 2025/26 mövsümünün taleyi həlledici qarşılaşmada müəyyənləşib. Yüksək Liqanın son turunda çempionluq uğrunda əsas rəqiblər – “Neftçi” İK və “Araz-Naxçıvan” üz-üzə gəlib.
90plus.az xəbər verir ki, gərgin keçən oyunda Naxçıvan təmsilçisi üstün oyun nümayiş etdirərək 5:2 hesablı qələbə qazanıb və tarixində 20-ci dəfə ölkə çempionu olub. Bununla da “Araz-Naxçıvan” Azərbaycan futzalında hegemonluğunu bir daha təsdiqləyib.
Final fitindən sonra mövsümün mükafatlandırma mərasimi təşkil olunub. Ən məhsuldar oyunçu adına 37 qolla “Neftçi” İK-nin üzvü Allef Maiolli layiq görülüb.
Mövsümü üçüncü pillədə başa vuran “Baku Fire” bürünc medallarla təltif edilib. “Neftçi” İK gümüş medalları qəbul edib, çempion “Araz-Naxçıvan” isə qızıl medallara və çempionluq kubokuna sahib çıxıb.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.
© Copyright 2026, All Rights Reserved