Sadıqov: “Hakimlərin əksəriyyəti məhz “Zirə”nin oyunlarından sonra cəzalandırılır”
Rəşad Sadıqov: “Bu heyəti görəndə məyus oldum”.
90plus.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.
Təcrübəli mütəxəssis komandasının ağır psixoloji durumdan sonra meydanda xarakter göstərdiyini bildirib:
“Üç gün əvvəl çox ağır məğlubiyyət yaşamışdıq. Belə vəziyyətdə futbolçuları oyuna hazırlamaq asan deyildi. Amma komandam reaksiyası ilə məni sevindirdi. İlk dəqiqədən son saniyəyə qədər meydanda istək və dinamika var idi. Düşünürəm ki, mövsümün ən keyfiyyətli oyunlarından birini keçirdik”.
Sadıqov rəqib qapıçının da oyuna ciddi təsir etdiyini vurğulayıb və “Sumqayıt”ın qolkiperini matçın ən yaxşılarından biri adlandırıb.
Baş məşqçi oyunsonrası mətbuat konfransında "Sabah – Neftçi" qarşılaşmasına da toxunub. O, “Sabah”ın start heyətini görəndə məyus olduğunu gizlətməyib:
“Bu rəqabətdir və təbii ki, rəqiblərinin xal itirməsini istəyirsən. “Neftçi” son turlarda çox aqressiv və istəkli mübarizə apardı. Onları təbrik edirəm. Amma etiraf edim ki, “Sabah”ın heyətini görəndə müəyyən məyusluq hiss etdim”.
Təcrübəli çalışdırıcı azarkeşlərlə yaşadığı dialoqa da aydınlıq gətirib. Onun sözlərinə görə, tribunada heç bir mübahisə olmayıb:
“Azarkeşlər Erenlə bağlı sual vermişdilər. Söhbət finaldakı əvəzləmə ilə bağlı idi. Həm Eren, həm də İssa zədəli idi. Sadəcə bunu müzakirə etdik. Azarkeş həmişə daha artığını istəyir və bu normaldır”.
Rəşad Sadıqov mövsüm ərzində komandaya ən böyük zərbənin legioner limiti ilə bağlı qərardan gəldiyini bildirib. Onun fikrincə, yeni qaydalar “Zirə”nin rəqabət imkanlarını ciddi şəkildə zəiflədib:
“Bu mövsüm qarşılaşdığımız problemləri nəzərə alsaq, hətta 6-7-ci yerlərdə olsaydıq belə, buna təəccüblənməzdim. Zədələr, ayrılan oyunçular və digər çətinliklər bizi çox çətin vəziyyətə salmışdı”.
Baş məşqçi hakimliklə bağlı da narazılığını gizlətməyib. Xüsusilə Cavid Cəlilov və VAR hakimi İnqilab Məmmədov barədə danışan Sadıqov bəzi qərarların ona anlaşılmaz gəldiyini deyib:
“Mənə qəribə gələn məqam odur ki, cəzalanan hakimlərin əksəriyyəti məhz “Zirə”nin oyunlarından sonra cəzalandırılır. VAR məsələsində də bəzi qərarların məntiqini hələ də anlamıram”.