“Qarşıda bizi çox ciddi işlər gözləyir” Vernidub
Misli Premyer Liqasının 32-ci turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi”də qələbənin ardından ən diqqətçəkən açıqlamalar baş məşqçi Yuri Vernidub tərəfindən səsləndirilib.
90plus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın qısa müddətdə keçdiyi dəyişimi emosional və iddialı fikirlərlə şərh edib.
“Düşünürəm ki, bu, bizim üçün çox gözəl axşamdır. Qarşımıza qoyulan maksimum tapşırığın öhdəsindən layiqincə gəldik və hədəfimizə çatdıq” – deyən Vernidub, “Neftçi”yə gəldiyi ilk gündən avrokuboklara vəsiqənin əsas məqsəd olduğunu vurğulayıb.
Baş məşqçi həmin dönəmdə komandanın turnir cədvəlində geridə olmasına baxmayaraq, uğura inandığını gizlətməyib:
“Bakıya gələndə qarşıma qoyulan əsas məqsəd “Neftçi”nin avrokuboklarda çıxış etməsini təmin etmək idi. Dördüncü pillədən uzaq idik, amma bunun mümkün olduğuna inanırdım”.
Vernidub komandanın yüksəlişinin səbəblərindən danışarkən əsas dəyişikliyin psixoloji və intizam baxımından olduğunu bildirib:
“İlk növbədə hər futbolçu ilə fərdi söhbətlər etdim. Daha sonra komanda daxilində nizam-intizamı tam qaydasına saldıq. Biz dərk etməli idik ki, “Neftçi”yik və hər matçda meydana birinci nömrə kimi çıxmalıyıq”.
O, futbolçularla qarşılıqlı inamın nəticələrə birbaşa təsir etdiyini də xüsusi qeyd edib:
“Mən oyunçularıma inandım, onlar da mənə güvəndilər. Belə nəticələrin əldə edilməsində birlik amili həlledici rol oynayır”.
“Neftçi”nin gələcək planlarına toxunan baş məşqçi heyətdə dəyişikliklərin ola biləcəyinə də işarə vurub. Vernidub avrokuboklarda sadəcə iştirak etməyin kifayət etmədiyini açıq şəkildə bildirib:
“Heç istəməzdim ki, avrokuboklarda cəmi bir mərhələ oynayıb məğlubiyyətlə geri dönək. Qarşıda bizi çox ciddi işlər gözləyir”.
Təcrübəli mütəxəssisin bu açıqlamaları “Neftçi”nin növbəti mövsüm üçün daha böyük hədəflər müəyyənləşdirdiyini göstərir.