“Bir neçə gənc futbolçuya şans verdik”- “Sumqayıt”ın məşqçisi
Kaplanoviç: “Bu oyun gənclərimiz üçün böyük təcrübə oldu”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt" səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzsa da, komandanın məşqçisi Veliçko Kaplanoviç futbolçularının çıxışından razı qaldığını bildirib.
Matçdan sonra keçirilən mətbuat konfransında danışan monteneqrolu mütəxəssis gənc oyunçuların göstərdiyi performansı xüsusi vurğulayıb:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün bir neçə gənc futbolçuya şans verdik və onlar üçün belə oyunlar çox vacibdir. Çətin atmosferdə, güclü rəqibə qarşı oynamaq inkişaf baxımından böyük təcrübədir”.
Kaplanoviç hesabın fərqli ola biləcəyini də qeyd edib:
“Düşünürəm ki, müəyyən epizodlarda daha diqqətli davransaydıq, xal qazana bilərdik. Amma ümumi mənada komandamın mübarizəsindən razıyam. Futbolçular sona qədər savaşdılar və meydanda bütün güclərini ortaya qoydular”.
“Sumqayıt”ın məşqçisi mövsümün son turunun da onlar üçün formal xarakter daşımadığını bildirib. O, turnir cədvəlində yekun mövqenin klub üçün əhəmiyyətli olduğunu deyib:
“6-cı və ya 7-ci pillədə başa vurmaq arasında fərq var. Qarşıda bizi "Qarabağ" ilə oyun gözləyir və həmin matça maksimum ciddi yanaşacağıq. Azarkeşlərimiz qarşısında mövsümü yaxşı nəticə ilə bitirmək istəyirik”.
© Copyright 2026, All Rights Reserved