Messinin küləkdə yellənən heykəli söküləcək
Lionel Messinin Hindistandakı nəhəng heykəli təhlükə səbəbindən köçürüləcək. Küləkdə yellənir.
90plus.az xəbər verir ki, Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messinin Hindistanın Kolkata şəhərində ucaldılmış nəhəng heykəli təhlükəsizlik səbəbindən başqa əraziyə köçürüləcək.
Təxminən 21 metr hündürlüyündə olan heykəlin güclü küləklər zamanı yelləndiyi aşkarlanıb. Yerli sakinlərin şikayətindən sonra Qərbi Benqal İctimai İşlər Departamentinin mühəndisləri abidəyə baxış keçirib və konstruksiyanın təhlükəli vəziyyətdə olduğu müəyyən edilib.
Qərbi Benqal ştatının deputatı Şaradvat Mukherci heykəlin təhlükəsiz hesab edilmədiyini bildirib:
“Argentina futbol əfsanəsinin heykəlinin təhlükəli vəziyyətdə olduğunu müəyyən etdik. Güclü küləklər zamanı yelləndiyini müşahidə etmişik”.
Məlumata görə, hazırda heykəl ağır neylon kəndirlərlə möhkəmləndirilib. Əraziyə baryerlər qoyulub və insanların yaxınlaşmasına məhdudiyyət tətbiq edilib.
Səlahiyyətlilər heykəlin başqa əraziyə köçürülməsi variantlarını nəzərdən keçirir. Qeyd olunur ki, abidənin hazırlanması üçün 45 nəfərlik heyət 27 gün çalışıb.
Heykəl ötən ilin dekabrında Messinin “GOAT” turu çərçivəsində təqdim olunmuşdu. “Bütün zamanların ən yaxşısı” mənasını verən layihənin açılışında Messi virtual şəkildə iştirak etmiş və uzaqdan idarəetmə vasitəsilə heykəlin təqdimatını etmişdi.
© Copyright 2026, All Rights Reserved