Kasper Şmeyxel karyerasını bitirdi!
RƏSMİ: Kasper Şmeyxel futbolçu karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, Danimarka millisinin sabiq qapıçısı Kasper Şmeyxel peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli qolkiper “Seltik”lə müqaviləsinin iyun ayında başa çatmasından sonra futbolla vidalaşacağını bildirib. Şmeyxel qərarın ciddi çiyin zədəsi səbəbindən verildiyini açıqlayıb.
“Bu qərar mənim yerimə verildi. Müxtəlif cərrahlar və mütəxəssislərlə məsləhətləşdim və onlar mənə yüksək səviyyəli futbola qayıtmağımın mümkün olmadığını dedilər”, – deyə danimarkalı qolkiper bildirib.
Kasper Şmeyxel mart ayında əməliyyat olunmuşdu. O, zədəni bir il əvvəl Danimarka millisində çıxış edərkən almışdı. Həmin vaxt futbolçunun ən azı bir il yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.
Şmeyxel peşəkar karyerasına “Mançester Siti”də başlayıb. Daha sonra “Notts Kaunti”, “Lids Yunayted” və “Lester Siti”də çıxış edib. O, xüsusilə “Lester”dəki performansı ilə yadda qalıb.
Qapıçı 2015/16 mövsümündə “Lester Siti”nin tarixi Premyer Liqa çempionluğunun əsas simalarından biri olub. Kasper və atası Peter Şmeyxel Premyer Liqa tarixində eyni mövqedə oynayaraq çempion olan yeganə ata-oğul duetidir.
Şmeyxel 2022-ci ildə “Lester”dən ayrıldıqdan sonra “Nitsa”, “Anderlext” və “Seltik”də çıxış edib. O, Şotlandiya klubu ilə iki dəfə ölkə çempionu olub.
38 yaşlı qapıçı klub karyerası ərzində 817, Danimarka millisində isə 120 oyuna çıxıb. O, həmçinin Danimarka ilə AVRO-2020-nin yarımfinalına yüksəlməyi bacarıb.
“Hamı meydanda vidalaşmaq istəyir, amma həyat həmişə istədiyini vermir. Futbol mənə çox şey qazandırıb və ona görə heç nədən şikayət edə bilmərəm”, – deyə Şmeyxel əlavə edib.
© Copyright 2026, All Rights Reserved