Mikel Arteta Premyer Liqada ilin baş məşqçisidir
RƏSMİ: Mikel Arteta Premyer Liqada ilin baş məşqçisi seçildi.
90plus.az xəbər verir ki, "Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi mükafatına layiq görülüb.
İspaniyalı mütəxəssis “topçular”ı 22 ildən sonra yenidən İngiltərə çempionu etməyi bacarıb. London klubu sonuncu dəfə 2003/04 mövsümündə Arsen Vengerin rəhbərliyi altında Premyer Liqanın qalibi olmuşdu.
Arteta ardıcıl üç mövsüm ikinci yeri tutduqdan sonra komandası ilə birlikdə “Arsenal”ın tarixindəki 14-cü İngiltərə çempionluğunu qazanıb. Bununla yanaşı, London təmsilçisi UEFA Çempionlar Liqasında finala qədər irəliləyib.
“Arsenal” mövsüm ərzində Premyer Liqanın ən etibarlı müdafiəsinə sahib olub. Komandanın qapıçısı David Raya “Qızıl Əlcək” mükafatını qazanıb. “Topçular” eyni zamanda hücum xəttində də məhsuldar çıxış edib və mövsüm ərzində 71 qol vurub. Bu göstəricidə yalnız “Mançester Siti” daha yaxşı nəticə göstərib.
Arteta həmçinin Premyer Liqa tarixində futbolçu kimi çıxış etdiyi klubla çempionluq yaşayan ilk baş məşqçi olub.
Səsvermədə Mikel Arteta Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bornmut”), Maykl Kerrik (“Mançester Yunayted”), Rejis Le Bri (“Sanderlend”) və Kit Endryusu (“Brentford”) qabaqlayıb.
Qeyd: Arteta Arsen Vengerdən sonra bu mükafatı qazanan ilk “Arsenal” baş məşqçisi olub. Fransalı əfsanəvi çalışdırıcı 3 dəfə ilin baş məşqçisi seçilmişdi.
© Copyright 2026, All Rights Reserved