"Qalatasaray" mövsümə qələbə ilə yekun vurdu
Super Liqada 2024/25 mövsümünün son turu çərçivəsində “Qalatasaray” evdə “Başakşəhər”ə qalib gələrək çempionluğu möhtəşəm şəkildə tamamladı.
90plus.az xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmada sarı-qırmızılılar rəqibini 2:0 hesabı ilə məğlub edib. “Qalatasaray”ın qollarını Dris Mertens və Viktor Osimhen vurub.
Bu görüş həmçinin “Qalatasaray”ın simvolik oyunçuları – kapitan Fernando Muslera və ulduz futbolçu Dris Mertens üçün vida matçı olub.
Klubdakı 14-cü mövsümünü tamamlayan və karyerasını başa vuraraq vətəninə dönəcək Fernando Muslera oyundan öncə azarkeşlərin böyük sevgisi ilə qarşılanıb. Tribunalar “Böyük kapitan” və “Bu azarkeş səninlə fəxr edir” şüarları ilə səslənib.
Qapı arxasında isə ispanca “Sen her zaman bizim efsanemiz olacaksın” (Sən həmişə bizim əfsanəmiz olacaqsan) pankartı açıqlıb. 551-ci rəsmi matçına çıxan 38 yaşlı qolkiper, “Qalatasaray”la 8 Super Liqa, 5 Türkiyə Kuboku və 6 Superkubok çempionluğu yaşayıb.
2022-ci ildə “Qalatasaray”a keçən Dris Mertens də komandadakı son matçına çıxıb. “Başakşəhər” qarşısında penaltidən hesabı açan belçikalı ulduz Super Liqada 100-cü oyununa çıxıb. Ümumilikdə 135 oyunda forma geyinən Mertens 24 qola imza atıb və 3 Super Liqa, 1 Türkiyə Kuboku, 1 Superkubok tituluna sahib olub.
Tərəfdarlar onun üçün “Bizim üçün etdiyin hər şeyə təşəkkür edirik” pankartı qaldırıblar.
VİDEO: https://t.me/doxsanplus/103498
© Copyright 2026, All Rights Reserved