Türkiyə İspaniyanı bu şəhərdə qonaq edəcək
Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Milli Komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində İspaniyaya qarşı keçirəcəyi oyunun Konya şəhərində baş tutacağını açıqlayıb.
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsində E qrupunda yer alan Türkiyə millisi qrupdakı ilk ev oyununu EURO 2024-ün çempionu olan İspaniya yığmasına qarşı keçirəcək. Qarşılaşma 7 sentyabr bazar günü saat 21:45-də Medaş Konya Böyükşəhər Stadionunda baş tutacaq.
TFF-nin açıqlamasında həmçinin qeyd olunub ki, Konya şəhərində bu günə qədər 8 oyuna çıxan komanda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb. Bu görüşlərdə 15 qol vuran Türkiyə yığması, qapısından 7 top buraxıb.
Medaş Konya Böyükşəhər Stadionu daha əvvəl EURO 2016-nın seçmə mərhələsində Hollandiya və İslandiyaya, EURO 2020-də Fransaya, EURO 2024 seçmələrində isə Latviyaya qarşı qələbələrin şahidi olub.
TFF-nin paylaşımında həmçinin vurğulanıb ki, Türkiyə Milli Komandası 13 oktyabr 2015-ci ildə Selçuk İnanın son dəqiqədəki sərbəst zərbəsi ilə İslandiyanı məğlub edərək EURO 2016-ya vəsiqə qazanıb. 8 iyun 2019-cu ildə isə Fransa üzərində əldə olunan 2:0 hesablı qələbə ilə EURO 2020-yə vəsiqə yolunda mühüm addım atılıb. 15 oktyabr 2023-cü ildə Latviyanı 4:0 hesabı ilə məğlub edən Türkiyə millisi, tarixində ilk dəfə bu rəqibi evdə belə hesabla yenərək EURO 2024-ə vəsiqə qazanıb.
Türkiyə milli komandası seçmə mərhələdəki ilk oyununu 4 sentyabr cümə axşamı günü Gürcüstanın Tbilisi şəhərindəki Boris Payçadze Milli Stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd: Türkiyə E qrupunda İspaniya və Gürcüstanla yanaşı Bolqarıstanla da qarşılaşacaq.
Mənbə: fanatik
© Copyright 2026, All Rights Reserved