Xulian Alvarez "Qalatasaray"a söz atdı, cavabını aldı
CONMEBOL Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Argentina Kolumbiya qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Lakin matçın nəticəsindən çox, yaşanan gərginlik gündəm olub.
90plus.az xəbər verir ki, oyunun ikinci hissəsində "Qalatasaray" klubunun futbolçusu Davinson Sançes ilə "Atletico Madrid" komandasının hücumçusu Xulian Alvarez arasında baş verən söz atışması matça damğasını vurub.
Görüntülərdə Alvarezin Sançesə yüksək səslə etiraz etdiyi, hətta "Sən heç bir böyük klubda oynamamısan" ifadəsini işlətdiyi iddia olunur. Bu ifadə "Qalatasaray" azarkeşləri tərəfindən hörmətsizlik kimi qəbul olunub və sosial şəbəkələrdə böyük reaksiya doğurub.
Qısa müddətdə sosial mediada yayılan görüntülərə görə "Qalatasaray" azarkeşləri Alvarezin sosial şəbəkə hesablarına axın edərək futbolçunu tənqid edən rəylər yazıblar. Azarkeşlər Sançesin Avropanın aparıcı klublarından birində oynadığını xatırladaraq Alvarezin sözlərinə sərt cavab veriblər.
Hazırda hadisə Cənubi Amerika mətbuatında da geniş müzakirə olunur. CONMEBOL rəhbərliyinin hadisə ilə bağlı hər hansı cəza tədbiri tətbiq edib-etməyəcəyi isə yaxın günlərdə bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved