“Elversberq” ilk dəfə Bundesliqaya yüksəldi
Tarixi uğur: “Elversberq” tarixində ilk dəfə Almaniya Bundesliqasında çıxış edəcək.
90plus.az xəbər verir ki, “Elversberq” 2-ci Bundesliqanın son turunda doğma meydanda "Preussen Münster" üzərində 3:0 hesablı qələbə qazanaraq elitaya vəsiqəni təmin edib.
Komandanın qollarını Bambase Konte və dubla imza atan David Mokva vurublar. Bu nəticə sayəsində “Elversberq” turnir cədvəlini 2-ci pillədə başa vurub və top fərqinə görə "Paderborn 07" klubunu geridə qoyub.
Final fitindən sonra azarkeşlər meydana axışaraq tarixi uğuru böyük coşqu ilə qeyd ediblər.
Maraqlıdır ki, “Elversberq” cəmi bir neçə il əvvəl Almaniya futbolunun 4-cü liqasında çıxış edirdi. Klub 2021/22 mövsümündə Regionalliqada oynayırdı və son beş mövsümdə üç dəfə yüksələrək Bundesliqaya qədər irəliləyib.
Təxminən 13 min əhalisi olan Şpizen-Elversberq şəhəri gələn mövsüm Almaniya futbolunun ən yüksək səviyyəsində təmsil olunacaq. Klubun stadionu isə 10 min azarkeş tutumuna malikdir.
“Elversberq” ötən mövsüm də Bundesliqaya yüksəlməyə çox yaxın olmuşdu. Komanda pley-off mərhələsində "Haydenhaym" ilə dueldə məğlub olaraq elitaya vəsiqəni əldən vermişdi. Maraqlıdır ki, gələn mövsüm tərəflər yer dəyişəcək – “Haydenhaym” Bundesliqadan aşağı liqaya düşüb.
Qeyd: "Volfsburq" ilə “Paderborn” arasında Bundesliqaya vəsiqə uğrunda pley-off oyunları keçiriləcək.
© Copyright 2026, All Rights Reserved