"Fənər"in bəlası İstanbul klubuna keçir
Yeni mövsümdə həm Türkiyə Super Liqasında çempionluq, həm də Avropa arenasında uğur qazanmaq istəyən "Beşiktaş" artıq transfer çalışmalarına start verib.
90plus.az xəbər verir ki, klub prezidenti Serdal Adalı və rəhbərlik heyəti ulduz futbolçuların transferi üçün danışıqlara başlamağa hazırlaşır.
Komandanın yeni baş məşqçisi Ole Qunnar Sulşerin tələbləri nəzərə alınaraq, qısa zamanda ehtiyac duyulan mövqelərə transferlər reallaşdırılacaq. İlk prioritet isə heç bir sual doğurmayan səviyyədə bir hücumçunun komandaya cəlb olunmasıdır. Bu istiqamətdə Abraham, Beto, Kasper Dolberq və Patrik Şık kimi adlar gündəmə gəlib.
Bu futbolçular arasında ön plana çıxan ad, hazırda Almaniyanın "Bayer Leverkuzen" klubunda çıxış edən 29 yaşlı çexiyalı hücumçu Patrik Şıkdır. 2027-ci ilə qədər klubla müqaviləsi olan futbolçunun "Beşiktaş"a icarəyə götürülməsi üçün alman klubu ilə danışıqlara yaxın günlərdə başlanacağı bildirilir.
Bununla yanaşı, "Beşiktaş"ın transfer siyahısına əlavə etdiyi digər ad isə "Volfsburq" klubundan icarə əsasında Şotlandiyanın "Reyncers" komandasında çıxış edən Vatslav Çernidir. 27 yaşlı çex futbolçunun gələn mövsüm "Volfsburq"un planlarında yer almayacağı gözlənilir və onun üçün menecerlər vasitəsilə ilkin təmasların qurulduğu qeyd edilir. Çerni bu il "Reyncers"in "Fənərbağça"nı Avropa Liqasından uzaqlaşdırdığı matçlarda əla performansla yadda qalmışdı.
© Copyright 2026, All Rights Reserved