Mbappe: “El Klassikoda start heyətində oynamağa hazır idim”
Madrid “Real”ının hücumçusu Kilian Mbappe “Oviedo” ilə matçdan sonra verdiyi açıqlama ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 36-cı turunda keçirilən görüşdə Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Mbappe 69-cu dəqiqədə meydana daxil olub və komandasının ikinci qolunun məhsuldar ötürməsini verib.
Fransalı ulduz matçdan sonra əsas heyətdə yer almaması ilə bağlı danışarkən rəqabətin yüksək olduğunu bildirib. Mbappe baş məşqçi Alvaro Arbeloanın qərarına hörmətlə yanaşdığını qeyd edib:
“Daha çox oynamaq istəyirəmsə, Qonsalo, Mastantuono və Vinidən daha yaxşı olmalıyam. Mən start heyətində oynamağa hazır idim. Amma məşqçinin qərarı fərqli oldu. Bununla barışmaq və işləməyə davam etmək lazımdır”.
Mbappenin bu sözləri İspaniya mediasında geniş müzakirələrə səbəb olub. Xüsusilə futbolçunun özünü “dördüncü hücumçu” kimi təqdim etməsi diqqət çəkib.
Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa isə məsələyə aydınlıq gətirib. Gənc mütəxəssis Mbappenin onun fikirlərini yanlış anladığını deyib:
“Mən heç vaxt Mbappeyə dördüncü hücumçu olduğunu söyləməmişəm. Sadəcə nəzərə almaq lazımdır ki, o, bir neçə gün əvvəl “El-Klasiko”da iştirak etməmişdi və tam hazır vəziyyətdə deyildi. Bu səbəbdən oyuna ehtiyatda başlaması normal qərar idi”.
Arbeloa komanda daxilində heç bir problem olmadığını da vurğulayıb:
“Mənim bütün futbolçularımla münasibətim yaxşıdır. Son qərarı verən məşqçidir və meydanda kimin oynayacağını seçmək mənim işimdir”.
© Copyright 2026, All Rights Reserved