“Real”da prezidentliyə namizəd: “Seçilsəm, iki böyük ulduz “Real Madrid”də çıxış edəcək”
90plus.az xəbər verir ki, "Real Madrid” prezidentliyinə namizəd Enrike Rikelme seçkilərdə qalib gələcəyi halda komandaya iki böyük ulduz transfer edəcəyini açıqlayıb.
37 yaşlı iş adamı “ABC” nəşrinə müsahibəsində bildirib ki, artıq futbolçularla ilkin razılıq əldə olunub:
“Əgər prezident seçilsəm, iki böyük beynəlxalq ulduz “Real Madrid”də çıxış edəcək. Qısa, orta və uzunmüddətli idman layihəsi üçün vacib olan iki futbolçudan söhbət gedir”.
Rikelme futbolçuların adını açıqlamasa da, seçki kampaniyası dövründə bunu edəcəyini istisna etməyib. Klubun nizamnaməsinə əsasən, kampaniya maksimum iki həftə davam edə bilər.
“Real Madrid”də prezident seçkiləri iyunun 7-də keçiriləcək. Bu, klubda son 20 ilin ilk rəqabətli seçkisi olacaq. Hazırkı prezident Florentino Peres 2009, 2013, 2017, 2021 və 2025-ci illərdə rəqibsiz seçilmişdi.
79 yaşlı Peres ardıcıl ikinci mövsüm böyük titul qazana bilmədikdən sonra növbədənkənar seçki qərarı verib. Onun əsas rəqibi isə bərpa olunan enerji sektorunda fəaliyyət göstərən Enrike Rikelmedir.
Rikelme bazar ertəsi “Santyaqo Bernabeu” stadionunun qarşısında seçki qərargahını da açıb.
Namizəd həmçinin komandanın baş məşqçi məsələsinə də toxunub. O, Joze Mourinyonun mümkün dönüşü barədə danışarkən ehtiyatlı mövqe sərgiləyib:
“Prezident olsam, bunu dəyərləndirəcəyik. Amma biz uzunmüddətli layihə qurmaq istəyirik. Xabi Alonsonu gətirmək düzgün qərar idi, onu qovmaq isə səhv addım oldu. Üç aya layihə qurmaq mümkün deyil”.
Rikelme komandanın hazırkı vəziyyətini də tənqid edib. Onun sözlərinə görə, idman qərarları futbolu anlayan şəxslər tərəfindən verilməlidir:
“İspaniya millisinin heyətində “Real Madrid” futbolçularının olmaması məni kədərləndirir. Amma bu, illərlə peşəkar idarəçiliyin olmamasının nəticəsidir”.
O, seçiləcəyi halda klubda idman direktorunun da təyin olunacağını bildirib:
“Artıq namizədim var və yaxın günlərdə açıqlayacağıq”.
Qeyd: ESPN-in məlumatına görə, Joze Mourinyo “Real Madrid”ə qayıtmaq üçün ikiillik müqaviləyə razılıq verib. Lakin seçki prosesi səbəbindən bu təyinatın nə vaxt rəsmiləşəcəyi hələ dəqiq deyil.