“Şəfa” baş məşqçisini göndərdi
Premyer Liqaya vəsiqə qazanan “Şəfa” yeni mövsüm öncəsi baş məşqçi dəyişikliyinə qərar verib. Klub rəhbərliyi Elgiz Kərəmlinin komandadan ayrıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, bu barədə danışan vitse-prezident Əfran İsmayılov bildirib ki, Premyer Liqanın tələbləri daha böyük təcrübə tələb etdiyindən klub yeni çalışdırıcı axtarışına çıxıb. Onun sözlərinə görə, Kərəmlinin məşqçilər korpusunda qalması variantı da müzakirə olunub:
“Elgizə təklif etdik ki, gələcək baş məşqçinin yanında köməkçi kimi fəaliyyət göstərə bilər. Çox intizamlı və peşəkar insandır. Ancaq Premyer Liqada iş tamamilə fərqli səviyyədədir. Ona görə düşündük ki, bu mərhələdə komandaya daha təcrübəli mütəxəssis lazımdır”.
İsmayılov qeyd edib ki, gənc mütəxəssis bu təklifə müsbət yanaşmayıb və karyerasını baş məşqçi kimi davam etdirmək istədiyini bildirib:
“O, ambisiyasının böyük olduğunu və artıq yalnız baş məşqçi kimi işləmək niyyətində olduğunu dedi. Biz də qərarımızı izah etdik. Sağ olsun, vəziyyəti anlayışla qarşıladı”.
Xatırlatma: Elgiz Kərəmlinin rəhbərliyi altında “Şəfa” ötən mövsüm 1-ci liqanın qalibi olaraq Premyer Liqaya yüksəlmişdi.
© Copyright 2026, All Rights Reserved