Sxadadze: “Komanda sona qədər hücum futbolu oynadı”
Misli Premyer Liqasının 32-ci turunda “Qəbələ” səfərdə “Karvan-Yevlax” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze komandasının çıxışından razı qaldığını bildirib.
90plus.az xəbər verir ki, gürcüstanlı mütəxəssis futbolçuların meydanda nümayiş etdirdiyi oyunu xüsusi vurğulayıb:
“Komandanı təbrik edirəm. Futbolçular meydanda yaxşı təsir bağışladılar. İlk hissədə epizodlarımız olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq, amma buna baxmayaraq oyun planımızdan uzaqlaşmadıq. Komanda sona qədər hücum futbolu oynadı və bunun nəticəsində iki qol vuraraq qalib gəldi. Hesab daha böyük də ola bilərdi”.
Baş məşqçi qarşılaşmada diqqətini çəkən müsbət məqamların komandanın xarakteri və oyun keyfiyyəti olduğunu deyib:
“Ən vacib məqam odur ki, hesabda geri düşdükdən sonra komanda reaksiyasını düzgün verdi. Futbolçular oyundan qopmadılar və baxımlı futbol sərgilədilər. Bu cür geri dönüşlər hər zaman komanda üçün önəmlidir”.
Sxadadze pley-off mərhələsində mümkün rəqiblər olan “Səbail” və “Mingəçevir” barədə də danışıb. O, heç bir komandaya yuxarıdan aşağı baxmadıqlarını bildirib:
“Bütün rəqiblərə ciddi yanaşırıq. Futbolda asan oyun anlayışı yoxdur. Məşqçilər heyəti olaraq potensial rəqiblərin matçlarını izləyirik və analiz aparırıq. Amma hazırda əsas diqqətimiz növbəti oyundadır”.
Təcrübəli mütəxəssis gələcək planları ilə bağlı suala isə konkret cavab vermək istəməyib:
“Hazırda yalnız qarşıdakı pley-off görüşünü düşünürəm. Bütün diqqətimiz həmin matçdadır”.
© Copyright 2026, All Rights Reserved