“Beşiktaş” darmadağın oldu
Türkiyə Super Liqasının 6-cı turunda “Göztepe” – “Beşiktaş” oyunu keçirilib. Sergen Yalçının rəhbərliyi altında “Beşiktaş” İzmir səfərində “Göztepe”nin qonağı olub.
90plus.az xəbər verir ki, “Göztepe” ilk hissədə iki, ikinci hissədə isə bir qol vuraraq rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qol hesabı erkən açıldı
“Göztepe” güclü rəqibi qarşısında matçın əvvəlində önə keçib. Qarşılaşmanın 4-cü dəqiqəsində sol cinahdan atılan uzun qol-avt atışından sonra top cərimə meydançasına yönəlib. Heliton ayağı ilə toxunduqdan sonra top qapı qarşısına düşüb və Xuan zərbə ilə Mert Günokun qapısından keçirib – 1:0.
Rhaldney fərqi artırdı
19-cu dəqiqədə İzmir təmsilçisi hesabı 2:0 edib. Sol cinahdan sürətli hücuma çıxan Janderson bir neçə rəqibini keçərək cərimə meydançasına daxil olub və son xəttə enib. Onun qapı önünə ötürməsinə Arda Okan dabanla toxunub, top arxa dirəyə yönəlib. Burada Rhaldney boş qapıya zərbə endirib – 2:0.
Yeni transferdən möhtəşəm qol
“Göztepe”nin yeni transferi Sabra meydana daxil olduqdan cəmi 2 dəqiqə sonra hesabı artırıb. 19 yaşlı futbolçu yadda qalan qola imza atıb. 85-ci dəqiqədə Efkanın asmasını əvvəlcə Sabra başla qapıya göndərib, Mert Günok isə topu sağ küncə çevirib. Ardınca həmin zonaya yönələn Sabra bu dəfə rövaşata ilə zərbə vuraraq topu tora qovuşdurub – 3:0.
Sergen Yalçın yenə səfərdə xal qazana bilmədi
“Beşiktaş”da ikinci dönəmini yaşayan Sergen Yalçın bu yay imzaladığı müqavilədən sonra ilk matçına “Alanyaspor” səfərində çıxmışdı və orada da məğlub olmuşdu. Ardınca evdə “Başakşehir”i məğlub edən komanda bu dəfə İzmir səfərindən də xalsız döndü.
“Beşiktaş”da Sergen Yalçın liqada keçirdiyi 3 oyunda 2 məğlubiyyət alıb!
0:2 “Alanyaspor”
2:1 “Başakşehir”
0:3 “Göztepe”
“Göztepe” müvəqqəti olaraq 2-ci yerdədir
“Beşiktaş” üzərində 3:0 hesablı qələbə qazanan “Göztepe” 6 turda 3 qələbə, 3 heç-heçə ilə 12 xal toplayaraq oyun artıqla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Beşiktaş” isə 4 oyunda 2 qələbə, 2 məğlubiyyətlə 6 xal qazanıb və 10-cu pilləyə enib.