“Fənərbağça” Con Duranı çox gözləməyəcək
Con Duran uzun fasilədən sonra fərdi məşqlərə başladı – amma "Fənərbağça"nın qərarı qətidir.
90plus.az xəbər verir ki, “Al-Nassr”ın bu ilin yanvarında 77 milyon avroya transfer etdiyi, lakin təxminən 6 ay sonra “Fənər”ə icarəyə verdiyi kolumbiyalı hücumçu Con Duran dünən uzun müddətdən sonra fərdi məşqlərə başlayıb.
21 yaşlı forvard “Feyenoord” üzərindəki 5:2 hesablı qələbədə komandasının heyətində ilk və yeganə qolunu vurmuş, daha sonra 27 avqustda “Benfika” ilə səfər matçında oyuna girdikdən 25 dəqiqə sonra zədələnmişdi. O vaxtdan bəri meydanlara çıxmayıb.
Dönüş tarixi hələ də qeyri-müəyyəndir
Duran zədəsini sağaltmaq üçün “Barselona”da xüsusi inyeksiya proseduru keçib. Lakin bu müalicə də ağrılarını tam aradan qaldırmayıb. MRT nəticələri normal olsa da, futbolçu ağrılar səbəbindən uzun müddət forma geyinə bilməyib. Dünən səhər fərdi məşqlərə başlayan kolumbiyalı hücumçu milli fasilə müddətində də əsasən fərdi proqramla çalışacaq, zaman-zaman komanda ilə birgə məşqlərə qatılacaq. O, tədricən komanda məşqlərinə qoşulacaq və fiziki vəziyyətini artırmaq üçün xüsusi proqram həyata keçirəcək. Onun nə vaxt meydana dönəcəyi isə məşqlərdəki durumuna əsasən müəyyənləşəcək.
"Fənərbağça"dan radikal qərar gələ bilər
İddiaya görə, klub rəhbəri Sadettin Saran və idarə heyəti illik 21 milyon avro qazanan Duranla bağlı səbirli davranmaq istəmir. Əgər futbolçunun sağalma prosesi yenə uzansa, klub rəhbərliyi qış transfer dönəmində onunla yolları ayırmaq üçün danışıqlara başlayacaq.
© Copyright 2026, All Rights Reserved