İstanbul klubunda məşqçi istefası
90plus.az xəbər verir ki, Super Liqada çıxış edən İstanbul təmsilçisi "Eyüpspor"da baş məşqçi Selçuk Şahinlə yollar ayrılıb. Klubdan verilən rəsmi açıqlamaya görə, Şahin "Kocaelispor"la oyundan sonra istefa verib və bu qərar qarşılıqlı razılaşma ilə qəbul olunub.
Klubun açıqlamasında bildirilib:
“Baş məşqçimiz Selçuk Şahinin 'Kocaelispor' matçından sonra bildirdiyi istefa qərarı, idarə heyətimizlə aparılan qarşılıqlı müzakirələr nəticəsində qəbul olunmuşdur. Klubumuza göstərdiyi xidmətlər üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.”
"Eyüpspor" Super Liqanın 8-ci turunda səfərdə "Kocaelispor"la qarşılaşıb. Görüşün 85-ci dəqiqəsində Petkoviçin vurduğu qolla "Eyüpspor" 0:1 hesabı ilə məğlub olub.
Hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan "Eyüpspor" düşmə zonasında yer alır. Komanda bu mövsüm indiyə qədər cəmi bir qələbə qazanıb. Həmin uğur 25 avqust tarixində evdə "Alanyaspor"a qarşı əldə olunub. İstanbul təmsilçisinin aktivində cəmi 5 xal var.
© Copyright 2026, All Rights Reserved